“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi

1. Ümumi müddəalar
 
1.1. “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Azərbaycan Respublikasında çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədi ilə yaradılmışdır.
1.2. Cəmiyyətin bütün payları dövlətə məxsusdur.
1.3. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının mülki, torpaq, mənzil, şəhərsalma və tikinti məcəllələrini və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin qərarlarını rəhbər tutur.
1.4. Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (bundan sonra - Agentlik) tabeliyində fəaliyyət göstərir.
1.5. Cəmiyyətin rəsmi adı belədir:
1.5.1. tam halda – “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti;
1.5.2. qısaldılmış halda – “MİDA” MMC.
1.6. Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansı, banklarda hesablaşma hesabı və digər hesabları vardır.
1.7. Cəmiyyətin ayrıca əmlakı vardır və öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir. Cəmiyyət əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək, həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
1.8. Cəmiyyət üzərində Agentliyin və Cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.9. Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı zərər üçün Cəmiyyətə verdiyi əmlakın dəyəri həddində risk daşıyır.
1.10. Cəmiyyət öz fəaliyyətini onun sərəncamına verilmiş torpaq sahələrində və bağladığı mülki-hüquqi əqdlər əsasında əldə etdiyi torpaq sahələrində həyata keçirir və həmin torpaq sahələrində tikinti obyektlərinin tikintisini sifariş edir.
1.11. Cəmiyyət Bakı şəhərində yerləşir.

2. Cəmiyyətin fəaliyyətinin məqsədi və istiqamətləri

2.1. Cəmiyyətin fəaliyyətinin əsas məqsədi sərəncamına verilmiş, bağladığı mülki-hüquqi əqdlər və fəaliyyəti əsasında əldə etdiyi torpaq sahələrindən, habelə digər əmlakdan səmərəli istifadə etməklə vətəndaşların yaşayış sahələrinə ehtiyacını güzəştli qaydada ödəməkdən və mənzil-məişət şəraitini yaxşılaşdırmaqdan ötrü müasir memarlıq üslubunda, ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etməkdir.
2.2. Cəmiyyət bu Nizamnamənin 2.1-ci bəndində göstərilən məqsədə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
2.2.1. yaşayış zonalarında, ictimai-işgüzar zonalarda çoxmənzilli binaların, habelə tikintisi nəzərdə tutulan digər təyinatlı obyektlərin inşasını sifariş edir;
2.2.2. vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri üçün çoxmənzilli binaların inşası və həmin binaların maliyyələşdirilməsi məqsədi ilə tədbirlər görür;
2.2.3. investisiyaların təşviqi və cəlb edilməsi üçün, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, tikinti obyektlərini dəyəri birdəfəlik ödənilməklə özgəninkiləşdirir, investisiya müsabiqələri vasitəsilə torpaq sahəsinin müvafiq tikinti layihəsi əsasında həmin torpaq sahəsində tikinti obyektinin inşasını öhdəsinə götürən investorun ümumi birgə və ya paylı mülkiyyətinə keçməsini, onun xeyrinə yüklü edilməsini nəzərdə tutan digər əqdlər bağlayır;
2.2.4. mənzilləri güzəştli qaydada vətəndaşlara satılması üçün inşa edilmiş çoxmənzilli binaların Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq idarə edilməsini təmin edir;
2.2.5. bu Nizamnamənin 4-cü hissəsində göstərilən məsələlərlə bağlı vahid informasiya sistemi yaradır və onun fəaliyyətini təmin edir

3. Cəmiyyətin nizamnamə kapitalı və əmlakı

3.1. Cəmiyyətin nizamnamə kapitalı 10.000.000 (on milyon) manatdır.
3.2. Cəmiyyətin əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə kapitalından, ona təsisçi tərəfindən verilmiş digər əmlakdan, fəaliyyət istiqamətlərinə uyğun olaraq sərəncamında olan əmlakın özgəninkiləşdirilməsindən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.
3.3. Cəmiyyətin sərəncamına verilmiş torpaq sahələri və digər əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqları Cəmiyyətə məxsusdur.
3.4. Cəmiyyət ona verilmiş əmlakdan yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.
3.5. Cəmiyyət sərəncamına verilmiş, habelə fəaliyyəti nəticəsində əldə etdiyi torpaq sahələri və digər daşınmaz əmlak üzərində Agentliyin razılığı ilə müstəqil qaydada sərəncam verə bilər.

4. Cəmiyyətin idarə olunması

Cəmiyyət onun iştirakçılarının ümumi yığıncağı, Müşahidə Şurası və İcra orqanı tərəfindən idarə olunur.

5. Cəmiyyətin ali idarəetmə orqanı

5.1. Cəmiyyətin ali idarəetmə orqanı onun iştirakçılarının ümumi yığıncağıdır.
5.2. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər bu Nizamnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq həll edilir.

6. Müşahidə Şurası

6.1. Müşahidə Şurası Cəmiyyətin ümumi fəaliyyətinə nəzarət edir və onu yoxlayır. Müşahidə Şurası, sədr və sədrin müavini daxil olmaqla, 5 nəfər üzvdən ibarətdir. Müşahidə Şurasının sədri, onun müavini və digər üzvləri Agentlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 3 ildir.
6.2. Müşahidə Şurası aşağıdakı səlahiyyətləri həyata keçirir:
6.2.1. Cəmiyyətin inkişaf perspektivləri barədə Agentliyə məlumat verir;
6.2.2. direktorun və onun müavinlərinin fəaliyyətinə nəzarət edir və onların fəaliyyətini yoxlayır;
6.2.3. Müşahidə Şurasının katibini vəzifəyə təyin və vəzifədən azad edir;
6.2.4. Cəmiyyətin fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir;
6.2.5. Cəmiyyətin fəaliyyətinə dair daxili qaydaları, idarəetmə prosedurlarını, habelə struktur bölmələrinin, strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) əsasnamələrinin və nizamnamələrinin təsdiqi barədə qərar qəbul edir;
6.2.6. daxili audit bölməsinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir;
6.2.7. Cəmiyyətin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;
6.2.8. illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesablarını Agentliyə təqdim edir.

7. Müşahidə Şurasının iclaslarının keçirilmə qaydası

7.1. Müşahidə Şurasının sədri onun iclaslarını üç ayda bir dəfədən az olmayaraq çağırır və iclaslara sədrlik edir.
7.2. Müşahidə Şurasının iclasları Müşahidə Şurasının hər hansı bir üzvünün və ya direktorun tələbi ilə də çağırıla bilər.
7.3. Müşahidə Şurasının sədri direktorla məsləhətləşməklə, müzakirə olunacaq məsələləri müəyyən edir və iclasın gündəliyini hazırlayır. Hər bir iclasın reqlamentini, müzakirə ediləcək məsələlərdən asılı olaraq, Müşahidə Şurasının sədri müəyyənləşdirir.
7.4. Müşahidə Şurasının üzvlərinə iclasın keçirilməsinin yeri və vaxtı, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə, yazılı məlumat verilir.
7.5. Şuranın iclaslarında direktor iştirak edir.
7.6. Müşahidə Şurasının sədri öz təşəbbüsü və ya Şuranın hər hansı bir üzvünün və ya direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edə bilər.
7.7. Müşahidə Şurasının qərarları açıq səsvermə yolu ilə, iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
7.8. İclasın gündəliyinə Müşahidə Şurasının hər hansı bir üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli və bu məsələnin müzakirəsində iştirak etməməlidir. Bu zaman həmin üzv məsələyə dair səsvermədə iştirak etmir və onun iştirakı yetərsay müəyyən edilərkən nəzərə alınmır.
7.9. Gündəliyə daxil edilməmiş və ya tələb olunan bütün aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılığı olduğu hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
7.10. Şuranın iclaslarının nəticəsi Müşahidə Şurasının üzvləri və Müşahidə Şurasının katibi tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir. Müşahidə Şurasının katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Müşahidə Şurasının sədri onu əvəz edəcək şəxsi təyin edir. Protokol Müşahidə Şurası tərəfindən təsdiq edilərək direktora və onun müavinlərinə göndərilir.
7.11. Müşahidə Şurasının katibi Müşahidə Şurasının sədri tərəfindən, Müşahidə Şurasının üzvü olmayan əməkdaşlar sırasından təyin olunur və Müşahidə Şurasının sədrinə hesabat verir.
7.12. Müşahidə Şurasının katibi:
7.12.1. Şuranın iclaslarını təşkil edir;
7.12.2. Şuranın iclaslarının keçirilməsi vaxtı barədə Şuranın üzvlərinə, habelə bu Nizamnamənin 7.5-ci və 7.6-cı bəndlərində göstərilən şəxslərə iclasa azı 3 iş günü qalmış yazılı məlumat verir;
7.12.3. Şuranın iclaslarının protokolunu tərtib edir və imzalanmaq üçün Şura üzvlərinə təqdim edir;
7.12.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Müşahidə Şurasının sədrinə təqdim edir;
7.12.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

8. Cəmiyyətin icra orqanı

8.1. Cəmiyyətin təkbaşına icra orqanı olan direktor və onun iki müavini Agentlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
8.2. Direktor aşağıdakı səlahiyyətləri həyata keçirir:
8.2.1. Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edir, müavinləri arasında vəzifə bölgüsü aparır;
8.2.2. Cəmiyyətin fəaliyyəti ilə bağlı əmrlər verir və Müşahidə Şurasının qərarlarının qəbulunda iştirak edir;
8.2.3. Cəmiyyətin tabeliyindəki hüquqi şəxs statuslu qurumların (asılı və törəmə cəmiyyətlər) yaradılması, yenidən təşkili və ya ləğvi barədə Agentliyə təkliflər verir;
8.2.4. mənzilləri güzəştli qaydada satılması nəzərdə tutulan çoxmənzilli binaların tikintisinin maliyyələşdirilməsi məqsədi ilə özünun malik olduğu maliyyə vəsaitləri göstərilməklə, tələb olunan maliyyə resurslarının məbləği barədə Agentliyə təkliflər verir;
8.2.5. Agentliklə razılaşdırmaqla aşağıdakılar barədə qərar qəbul edir:
1. sərəncamına verilmiş torpaq sahələrindən bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə və ərazi planlaşdırılması sənədlərinə uyğun istifadə edilməsi;
2. sərəncamına verilmiş torpaq sahələrində çoxmənzilli binaların və digər tikinti obyektlərinin inşası, həmin torpaq sahələrində aparılmış mühəndis-axtarış işlərinin nəticələrinə dair aidiyyəti dövlət orqanlarında aktual məlumat olmadığı hallarda həmin işlərin yerinə yetirilməsi, inşa ediləcək çoxmənzilli binaların və digər tikinti obyektlərinin layihələndirilməsinin sifariş edilməsi;
3. sifarişi əsasında inşa edilən çoxmənzilli binaların maliyyələşdirilməsi üçün qiymətli kağızların buraxılması;
4. podratçılarla tikinti işlərinin aparılması məqsədi ilə podrat müqavilələrinin bağlanması;
5. çoxmənzilli binalarda yaşayış sahələrini güzəştli şərtlərlə əldə etmək hüququ olan vətəndaşlarla müqavilələrin bağlanması;
6. investisiya müsabiqələri vasitəsilə torpaq sahəsinin müvafiq tikinti layihəsi əsasında həmin torpaq sahəsində tikinti obyektinin inşasını öhdəsinə götürən investorun ümumi birgə və ya paylı mülkiyyətinə keçməsini, onun xeyrinə yüklü edilməsini nəzərdə tutan digər əqdlərin bağlanması;
7. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi;
8. mənzilləri güzəştli qaydada vətəndaşlara satılmaq üçün öz sifarişi əsasında inşa edilmiş çoxmənzilli binaların Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq idarə edilməsi üçün tədbirlərin görülməsi;
9. sərəncamında olan əmlakın bazar qiyməti ilə satışı.
8.2.6. Cəmiyyətin sərəncamına verilmiş torpaqlarda çoxmənzilli binaların tikintisinə və həmin binaların tikintisi başa çatdıqdan sonra istismarına icazələrin verilməsi üçün Agentliyə müraciət edir;
8.2.7. inşa ediləcək tikinti obyektlərinin tikinti ərazisinədək mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin çəkilməsi üçün Agentliyə müraciət edir;
8.2.8. fəaliyyəti ilə bağlı hesabatları və ictimaiyyətə açıqlanmalı məlumatı Agentliyə təqdim edir;
8.2.9. beynəlxalq əlaqələr yaradır və əməkdaşlıq edir;
8.2.10. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;
8.2.11. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet səhifəsinin yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin səhifədə yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;
8.2.12. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;
8.2.13. Müşahidə Şurasına Cəmiyyətin fəaliyyətinə dair təkliflər və hesabatlar təqdim edir;
8.2.14. işçilərin (daxili audit bölməsinin üzvləri istisna olmaqla) işə qəbul edilməsi, onların digər vəzifələrə təyin və işdən azad edilməsi, habelə onlara qarşı həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsi barədə əmrlər verir;
8.2.15. Müşahidə Şurasının qərarlarını icra edir;
8.2.16. barəsində qərar verilməsi Müşahidə Şurasının səlahiyyətlərinə aid olan məsələlərə dair məlumat hazırlayaraq Müşahidə Şurasına təqdim edir və Müşahidə Şurasına hesabat verir;
8.2.17. iştirakçıların ümumi yığıncağının və Müşahidə Şurasının səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir;
8.2.18. cari və operativ məsələlər barədə Müşahidə Şurasını məlumatlandırır;
8.2.19. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;
8.2.20. zəruri məlumatların (sənədlərin) alınması üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu göndərir;
8.2.21. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edir;
8.2.22. xüsusi bülletenlər və digər nəşrlər buraxır.

9. İctimaiyyətin məlumatlandırılması

9.1. Cəmiyyət öz fəaliyyəti barədə ictimaiyyəti daimi olaraq yenilənən rəsmi internet səhifəsi vasitəsilə məlumatlandırır. Məlumatda aşağıdakılar göstərilməlidir:
9.1.1. struktur vahidləri, əlaqə vasitələri və inkişaf perspektivləri;
9.1.2. bu Nizamnaməyə uyğun təqdim edilən hesabatlar;
9.1.3. müqavilələrin nümunələri;
9.1.4. güzəştlə mənzilləri əldə etmək hüququ olan vətəndaşların dairəsi;
9.1.5. mənzilləri güzəştli qaydada satılmaq üçün nəzərdə tutulmuş binalar, onların ünvanı (yerləşdiyi yer), hər binada otaqların sayı göstərilməklə mənzillərin sayı, bu mənzillərin hər kvadratmetrinə görə müəyyən edilmiş qiymət, otaqların sayından asılı olaraq mənzillərin satış şərtləri, onların əldə edilməsi üçün müraciət olunması qaydası və aylıq ödənişlərin məbləği;
9.1.6. tikilməkdə olan (tikintisi başa çatdırılmamış və istismara verilməmiş) və mənzilləri güzəştli qaydada satılmaq üçün nəzərdə tutulmuş binalar, onların ünvanı (yerləşdiyi yer), hər binada otaqların sayı göstərilməklə mənzillərin sayı, bu mənzillərin hər kvadratmetrinə görə müəyyən edilmiş qiymət, otaqların sayından asılı olaraq mənzillərin satış şərtləri, onların əldə edilməsi üçün müraciət olunması qaydası və aylıq ödənişlərin məbləği;
9.1.7. mənzilləri güzəştli qaydada satılan çoxmənzilli binanın saxlanmasına və təmirinə görə mənzil əldə edən hər bir şəxs tərəfindən mənzilin sahəsindən və ya otaqlarının sayından asılı olaraq ödənilməli olan haqqın miqdarı;
9.1.8. güzəştlə əldə etməkdən ötrü müraciət edən vətəndaşların növbələrinin müəyyən olunması üçün tətbiq olunan elektron idarəetmə sistemi (elektron növbə);
9.1.9. podrat müqaviləsi bağlanmış podratçılar barədə məlumat;
9.1.10. tikintisi layihələndirilmiş çoxmənzilli binanın tikinti layihəsinin tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma bölmələri.
9.2. Cəmiyyət öz fəaliyyəti barədə bu Nizamnamənin 9.1-ci bəndində göstərilən məlumatlarla yanaşı, digər məlumatları da rəsmi internet səhifəsində yerləşdirə bilər.

10. Cəmiyyətdə uçot, hesabat və nəzarət

10.1. Cəmiyyət mühasibat və statistik uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparır. Cəmiyyət maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib edir.
10.2. Cəmiyyətin birinci maliyyə ili dövlət qeydiyyatına alındığı vaxtdan başlayır və həmin il dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.
10.3. Şəffaflığın təmin edilməsi üçün Cəmiyyət illik maliyyə hesabatını hər maliyyə ili bitdikdən sonra aprelin 30-dan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə mətbu orqanda dərc etdirməyə borcludur.
10.4. Cəmiyyət mühasibat uçotunu təşkil edir, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rüblük və illik maliyyə hesabatına baxır, icmallaşdırır, maliyyə-təsərrüfat fəaliyyəti barədə ümumi hesabatı, maliyyə hesabatlarını (mühasibat balansı, mənfəət və zərər hesabları, kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər) tərtib edir və təsdiq edilmək üçün müəyyən olunmuş qaydada Agentliyə təqdim edir.
10.5. Cəmiyyət illik maliyyə hesabatlarını hər maliyyə ili bitdikdən sonra auditor rəyi ilə birlikdə mühasibat uçotu sahəsində dövlət tənzimləməsini həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.
10.6. Cəmiyyətin Müşahidə Şurasının, İcra orqanının rəhbəri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49.1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.
10.7. Cəmiyyət nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının aparılmasını təmin edir.

11. Cəmiyyətin strukturu, ştat vahidləri və işçilərin əmək haqları

Cəmiyyət strukturunu, ştat vahidlərinin ümumi sayını və işçilərin əmək haqlarını Agentliklə razılaşdırmaqla müəyyən edir.

12. Cəmiyyətin ləğvi və yenidən təşkili

Cəmiyyətin ləğvi və yenidən təşkili Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi

© 2017