Mənzil İnşaatı Dövlət Agentliyinin 2017-ci ilin 6 ayı ərzində fəaliyyətinin nəticələrinə həsr olunan hesabat iclası keçirildi

13 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində ölkə vətəndaşlarının yaşayış şəraitinin yaxşılaşdırılması və güzəştli şərtlərlə mənzilə sahib olmasının təmin edilməsi istiqamətində 2017-ci ilin birinci yarısında görülən işlərin nəticələri ilə bağlı hesabat iclası keçirildi.

Tədbirdə giriş nitqi ilə çıxış edən Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev ilin 6 ayı ərzində Agentliyin fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi. Ölkəmizdə sosial-iqtisadi məsələlərin həllinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu qeyd edən Samir Nuriyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini vurğuladı. Agentliyin direktoru bildirdi ki, 2017-ci ilin birinci yarısında ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və güzəştli şərtlərlə mənzil əldə etmək üçün müraciətlərin qəbul edilməsi ilə bağlı mühüm işlər görülmüşdür.

Samir Nuriyev məlumat verdi ki, bu ilin ilk 6 ayı ərzində ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi təşkil olunmuş və sürətlə davam etdirilir. Kompleksin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə 24.12.2016-cı il tarixində təməli qoyulmuş ilk 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin tikintisi aparılır, 3 mərtəbəli ümumtəhsil məktəbinin binasının isə tikinti-quraşdırma işləri artıq tamamlanmaq üzrədir. Hər iki tikilinin 2018-ci ilin yay aylarında tam təhvil verilməsi planlaşdırılır. 29 yaşayış binasından ibarət olacaq Yasamal Yaşayış Kompleksinin hal-hazırda 25-inin tikintisi, habelə elektrik enerjisi, su, qazla təminatı və kanalizasiya sistemini əhatə edəcək mühəndis-kommunikasiya şəbəkəsinin yaradılması işləri paralel olaraq həyata keçirilir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ölkə başçısının 06.12.2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilmiş hədəflərə uyğun olaraq özəl tikinti-investisiya şirkətləri ilə əməkdaşlığa başlayıb.

Belə ki, ötən müddət ərzində Yasamal Yaşayış Kompleksi layihəsinin reallaşdırılması çərçivəsində 3 yaşayış binasının tikintisi, habelə ərazidə rabitə, televiziya və internet xətlərinin çəkilməsi və bu sahədə müvafiq xidmətlərin göstərilməsi üzrə investisiya müsabiqələri keçirilmişdir. Hər iki müsabiqə nəticəsində seçilmiş investorlarla təşkil olunan dövlət-özəl tərəfdaşlığı çərçivəsində 11 milyon manatdan artıq özəl investisiyanın cəlb olunması gözlənilir. İnvestorlardan biri tərəfindən öz vəsaiti hesabına tikiləcək 3 binadan biri mənzillərini güzəştli şərtlərlə vətəndaşlara təklif etmək üçün “MİDA” MMC-yə təmənnasız olaraq təhvil veriləcək, digər 2 binanın mənzillərinin bazar qiymətinə satışı isə investor tərəfindən həyata keçiriləcəkdir. İkinci investor tərəfindən rabitə xətlərinin Yasamal Yaşayış Kompleksinədək çəkilməsi və yaşayış massivinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılması təmin ediləcək.

Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan və Nazirlər Kabinetinin 22.02.2017-ci il tarixli Sərəncamı ilə “MİDA” MMC-yə ayrılmış 20 ha torpaq səhəsini əhatə edəcək Hövsan Yaşayış Kompleksinin şəhərsalma əsaslandırılmasının (baş planın) hazırlanması işləri başa çatdırılıb, layihə-smeta sənədlərinin hazırlanması üzrə təşkil olunmuş tender proseduru yekunlaşmaq üzrədir.

Agentliyin daha bir önəmli yeni layihəsinin reallaşdırılması ölkə başçısının 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə “Güzəştli mənzil” sistemi haqqında Əsasnamənin təsdiq olunması ilə başladı. 30.05.2017-ci il tarixindən etibarən Elektron Hökumət portalında “Güzəştli mənzil” elektron sistemi istifadəyə verilərək vətəndaşların müraciətlərinin qəbulu prosesinə start verildi. “Güzəştli mənzil” elektron sistemi Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində, vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını təmin edir.

Ötən müddət ərzində “Elektron hökumət” portalında yaradılmış bu sistem vasitəsilə 5797 müraciət qəbul olunaraq qeydiyyata alınmış, müvafiq kateqoriyalara aid olan 5376 vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək həmin şəxslər üçün elektron kabinetin yaradılması təmin edilmişdir.

Vətəndaşların rahatlığı üçün, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə müraciəti qeydiyyata alaraq elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə müraciətlərin elektron qaydada qəbulu ilə yanaşı müvafiq “ASAN xidmət” mərkəzləri vasitəsilə də qəbul olunması təşkil olunmuşdur.

Agentliyin direktoru ilə yanaşı tədbirdə 6 aylıq hesabat məruzəsi ilə çıxış edən qurumun digər vəzifəli şəxsləri də güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslərin qeydiyyat prosesi, “Güzəştli mənzil” elektron sisteminin səmərəli fəaliyyətinin təmin edilməsi, Yasamal Yaşayış Kompleksinin tikintisi və növbəti layihələrin reallaşdırılması məqsədilə şəhərsalma və memarlıq-planlaşdırma sahəsində görülmüş işlər barədə ətraflı məlumat verdilər.

     

 

Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi

© 2017